POSTMENOPAUZAL DÖVRDƏ UŞAQLIQ MİOMASI OLAN QADINLARDA XƏSTƏLİYİN KLİNİK GEDİŞATININ VƏ HORMONAL DƏYİŞİKLİKLƏRİN XÜSUSİYYƏTLƏRİ
DOI
https://doi.org/10.34921/amj.2021.4.010Açar sözlər
uşaqlığın mioması, postmenopauzal dövr, hiperandrogeniyaXülasə
Məqalədə postmenopauzal dövrdə uşaqlıq mioması olan qadınlarda xəstəliyin gedişatının və hormonal dəyişikliklərin xüsusiyyətlərinin öyrənilməsi məqsədilə aparılmış tədqiqat işinin nəticələri əks olunub. Postmenopauzal dövrdə uşaqlıq mioması olan 85 qadın müayinə edilib. Xəstələrin orta yaş həddi 58±1,0 (47-80) olmuşdur. Bütün xəstələrdə uşaqlıq miomasının klinikanamnestik xüsusiyyətləri, qanda hipotalamus-hipofiz-yumurtalıq sistemi hormonlarının səviyyəsi və qan serumunda CA 125 onkomarkerinin səviyyəsi öyrənilmişdir. Nəticələrin təhlili göstərmişdir ki, müxtəlif lokalizasiyalı genital törəmələri olan xəstələrdən 38 nəfərdə (44,7%) uşaqlıq mioması tamamilə simptomsuz keçmişdir. 47 (55,3%) xəstədə müxtəlif klinik simptomlar müşahidə olunurdu. Bunlardan 37 (78,7%) xəstədə müxtəlif dərəcəli ağrılar, 22- də (46,8%) qanlı ifrazat, 17-də (36,2%) dizurik əlamətlər, 10-da (21,3%) qanaxma və 10 (21,3%) xəstədə defekasiya aktının pozulması müşahidə olunmuşdur. 34 (72,3%) xəstədə müxtəlif dərəcəli klimakterik sindrom əlamətləri var idi, bunlardan 23,4% (n=11) yüngül, 21,3% (n=10) orda ağırlıqda, 27,7% (n=13) isə ağır dərəcədə olmuşdur. Aşkar olunmuşdur ki, müayinə edilən xəstələrin qan serumunda prolaktinin, dehidroepiandesteron-sulfatın (DHEA-S) və estronun (E1) səviyyələrində statistik dürüst dərəcədə artım, estradiolun (E2), LH/FSH nisbətinin göstəricisinin və testosteronun (T) səviyyəsində isə azalma baş vermişdir (p<0,05). CA125 onkomarkerinin göstəriciləri geniş hüdudda (1,3-600 мМV/ml) dəyişikliyə uğradığından, statistic baxımdan etibarlı nəticə verməmişdir


