BAZUNUN ƏZƏLƏ-VƏTƏR MANŞETİNİN HİSSƏVİ CIRILMASI OLAN XƏSTƏLƏRDƏ VƏTƏRLƏRİN, VƏTƏR-SÜMÜK BİRLƏŞMƏLƏRİNİN HİSTOPATOLOGİYASI VƏ KLİNİK-MORFOLOJİ ƏLAMƏTLƏRİN QARŞILIQLI ƏLAQƏSİ
DOI
https://doi.org/10.34921/amj.2021.4.011Açar sözlər
çiynin rotator manşeti, qismi cırılmalar, klinik parametrlər, histopatologiya, morfometrik parametrlər, assosiasiya əmsalıXülasə
Məqalə bazunun sümük-əzələ manşetinin cırılmasına məruz qalmış xəstələrin materialları əsasında bu patologiyanın müxtəlif ağırlıqlı formalarının rastgəlmə tezliyini və klinik-morfometrik əlamətlərinin qarşılıqlı əlaqəsini öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Xəstələrin cinsiyyət və yaş xüsusiyyətləri, zədələnmənin klinik və morfoloji əlamətləri, bazunun hərəkətinin pozulma dərəcəsi, vətərlərin qopmasının Snayderə görə təsnifat dərəcələri araşdırılmışdır. Tədqiqat göstərmişdir ki, xəstələr arasında bazu oynağının toxumalarının Snayder təsnifatı üzrə A3, B3, A4, B4 tiplərinə məruz qalan kişilər qadınlara nisbətən çoxdur. Rekonstruktiv əməliyyatlarla müalicə edilən xəstələrin biopsiya-rezeksiya materiallarının araşdırılması göstərmişdir ki, müvafiq nahiyənin vətərlərində müxtəlif dərəcəli distrofik, mexaniki-destruktiv, işemik və reparativ proseslər törənir. Bazunun hərləndirici manjetində (əzələ-vətər manjeti) olan zədələnmiş sahələrdən rekonstruktiv əməliyyatlar zamanı götürülmüş biopsiya materiallarının tədqiqi göstərmişdir ki, xəstələrdə tinüstü əzələ vətərində distrofik, mexaniki-destruktiv, işemik və reparativ proseslər baş verir. Xəstələrdə bəzi klinik əlamətlərlə bazu manjetinin zədələnmələrinin ağırlığının müxtəlif dərəcələri arasında asılılıq müəyyən edilmişdir. Klinik əlamətlərdən xəstələrin yaşı, oynaq toxumalarının travmalarının ağırlıq dərəcəsi, simptomların davamiyyəti, oynağın funksional vəziyyəti ilə histomorfoloji dəyişikliklər arasında asılılıq da aydın ifadə olunmuşdur. Morfometrik göstəricilər arasında “vətər toxumalarının fibrillyasıyası”, “vətər dəstələrinin dezorqanizasiyası”, “angiofibroz toxumanın inkişafı”, “tendonekroz” kimi əlamətlərin zədələnmələrin ağırlıq dərəcəsindən asılılığı daha aydın şəkildə təzahür etmişdir.


