PREEKLAMPSİYAYA QARŞI PROFİLAKTİK TƏDBİRLƏRİN FETOPLASENTAR KOMPLEKSİN VƏZİYYƏTİNƏ TƏSİRİ
DOI
https://doi.org/10.34921/amj.2021.4.004Açar sözlər
preeklampsiya, L-arqinin, ultrasəs müayinəsi, dopplerometriyaXülasə
Məqalədə preeklampsiya əleyhinə profilaktik tədbirlərin fetoplasentar kompleksin vəziyyətinə təsirini öyrənmək məqsədilə aparılan tədqiqat haqqında məlumat verilmişdir. Tədqiqata hestasiyanın ikinci (22-27 h.h.) və üçüncü (28 h.h.≤) trimestrlərində olan 145 hamilə qadın cəlb olunub. 1-ci qrupa (müqayisə qrupu) – hamiləlikləri preeklampsiya ilə ağırlaşan 80 hamilə qadın (profilaktik tədbirlər aparılmayan), 2-ci qrupa (əsas qrup) – preeklampsiyanın inkişafına görə risk qrupuna daxil olan 65 hamilə qadın (hestasiyanın 13-cü həftəsindən profilaktik tədbirlər aparılan) daxil edilib. Müayinə qruplarında hamilələrə “GE.Voluson E8 expert” cihazında ultrasəs və dopplerometriya müayinələri aparılmışdır. Alınmış verilənlər arasındakı fərqin statistik əhəmiyyətliliyi Fişerin dəqiq testi (Fisher’s exact test) vasitəsilə müəyyən edilmişdir. Tədqiqat göstərmişdir ki, əsas qrupda aparılan profilaktik tədbirlərin fonunda bir sıra ultrasəs (ciftin hipertrofiyası, xovarası sahələrin kistoz genişlənmələri, ciftin vaxtından qabaq yetişməsi, dölyanı mayenin həcminin azalması, dölün bətndaxili inkişaf ləngiməsi) və dopplerometriya (uşaqlıq-cift-döl qan dövranının pozulması) göstəriciləri müqayisə qrupuna nisbətən statistik etibarlı azalmışdır. Beləliklə, hamiləliyin erkən müddətlərindən (cift formalaşana kimi) profilaktik tədbirlərin aparılması fetoplasentar kompleksin vəziyyətinə müsbət təsir edərək, nəticədə hestasion və perinatal nəticələri yaxşılaşdırmağa imkan verib.


